GƏNC BLOQÇULARIN VƏKİLLƏRİ KASSASİYA ŞİKAYƏTİ VERİBLƏR

Gənc bloqçular Adnan Hacızadə və Emin Millinin (Abdullayev) vəkilləri Apellyasiya Məhkəməsinin 10 mart 2010-cu il tarixli qərarından kassasiya şikayəti veriblər. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) vəkil İsaxan Aşurov məlumat verib. O, bildirib ki, şikayət aprelin 27-də verilib və hələlik məhkəmənin tarixi məlum deyil.

Aprelin 27-də Vaşinqton Konqresinin Mətbuat azadlığı üzrə qrupu və Amerikanın Demokratiyaya Dəstək Fondunun  (National Endowment for Democracy – NED) təşəbbüsü ilə “Barmaqlıqlar arxasındakı bloggerlər: İnternet – jurnalistlər həbsdə və ifadə azadlığının məhdudlaşdırılması” mövzusunda dinləmə keçirilib. “Turan” informasiya agentliyinin məlumatına görə, dinləmədə adıçəkilən qurumun həmsədri Adam Şiff və NED prezidenti Çarl Gerşman  online redaktor və  reportyorlar da daxil olmaqla 68 bloqçunun həbsdə olduğunu diqqətə çatdıraraq, onların içərisində azərbaycanlı bloqçular  Adnan Hacızadə və Emin Millinin (Abdullayev) adlarını vurğulayıb. NED prezidenti Çarl Gerşman bu bloqçuların hakimiyyətin yürütdüyü siyasəti sivil yolla tənqid etməkdən başqa səhvlərinin olmadığını bildirib.
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilmişdi. Noyabrın 11-də Səbail rayon məhkəməsi Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi 10 mart 2010-cu il tarixdə hökmün qüvvədə saxlanılması ilə bağlı qərar qəbul edib.

Previous Post

MEDİA HÜQUQU İNSTİTUTU DAXİLİ İŞLƏR NAZİRLİYİNƏ MÜRACİƏT EDİB

Next Post

AZƏRBAYCAN “MƏTBUAT AZADLIĞI İNDEKSİNƏ” GÖRƏ 194 ÖLKƏ ARASINDA 79-CU YERDƏ DURUR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.