“YÜKSƏLİŞ NAMİNƏ” QƏZETİNİN MÜXBİRİ POLİSƏ ÇAĞIRILIB VƏ HƏDƏLƏNİB

“Yüksəliş naminə” qəzetinin müxbiri, AXCP-nın Gənclər Təşkilatının üzvü, jurnalist Elçin Həsənov bu gün  Sumqayıt şəhər Polis İdarəsinə çağırılıb. Bu barədə bu gün (9 fevral) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) E. Həsənovun özü məlumat verib.

Onun sözlərinə görə,  Sumqayıt şəhər Polis İdarəsinin 4-cü bölməsindən zəng edərək, onu polis bölməsinə dəvət ediblər:

“Polis bölməsində rəis müavini Azər Cahangirov mənimlə söhbət etdi. O, mənə bildirdi ki, polisə çağırılmağımın səbəbi həbs olunmuş gənc fəal Cabbar Savalanlının həbsi ilə bağlı olaraq  iki gün bundan əvvəl  Bakıda Heydər Əliyevin abidəsi önündə çıxış edərək gəncləri aksiyaya səsləməyim və  “Facebook” sosial şəbəkəsində adamları mitinqə çağırmağımdır. Rəis müavini ilə söhbətdən sonra rəisin özü mənimlə söhbət etdi və o mənə dedi ki, sənə artıq xəbərdarlıq edilib, bundan sonra başına nə gəlsə demə ki, sənə heç nə deyilmədi.  Daha sonra mənə bildirildi ki, mən bununla bağlı təkzib verməli, eləcə də üzr istəməliyəm. Mən  isə bildirdim ki, gənc fəal Cabbar Savalanlının anası ilə görüşün veriləcəyi və ondan müsadirə olunmuş tələbə kartının anasına veriləcəyi təqdirdə, tələblərini icra etməyə hazıram” – deyə E.Həsənov qeyd etdi

Sumqayıt şəhər Polis İdarəsinin rəis müavini Azər Cahangirov RATİ-nin əməkdaşı ilə telefon danışığında Elçin Həsənovun polisə dəvət olunmasını təsdiqlədi:

“Onun özü bilir hansı məsələdir, həmin məsələni dəqiqləşdirdik. Ona hər hansı bir xəbərdarlıq isə olunmayıb” – deyə rəis müavini bildirdi.

Xatırladaq ki, Elçin Həsənov yanvarın 21-də səhər saatlarında  Sumqayıtdan Bakıya gələrkən ağ rəngli ”VAZ-21 07" markalı Az 10 XJ 077 nömrə nişanlı avtomobildə iki şəxsin onu təqib etməsini bildirmişdi.
            Qeyd edək ki, “Yüksəliş naminə” qəzeti 2004-cü ildən fasilələrlə ABŞ-ın Milli Dəstək Fondunun (NED) maliyyə dəstəyi ilə həftədə 1 dəfə dərc olunur.

Previous Post

OSMAN KAZIMOV VƏKİLLƏR KOLLEGİYASI ÜZVLÜYÜNDƏN ÇIXARILIB

Next Post

İLKİN İZAHATI ALINANDA SAVALANLI FİZİKİ TƏZYİQƏ MƏRUZ QALIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.