Dünən (24 dekabr) “Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Məmmədli Binəqədi rayon Prokurorluğunda “Qarabağ Azadlıq Təşkilatı”nın (QAT) sədri Akif Nağının qəzetin köşə yazarı Zamin Hacıya qarşı etdiyi fiziki təzyiqlə əlaqədar şahid qismində ifadə verib.
Bu barədə RATİ-yə məlumat verən E. Məmmədli baş vermiş hadisəni gördüyü kimi istintaqa bildirdiyini deyib.
Belə ki, A. Nağı QAT adından Z. Hacıya barışıq təklif etsə də jurnalist bu təklifi rədd edir: Jurnalist nəinki A. Nağı ilə barışmaq hətta onun üzrxahlığını qəbul etmək fikrində olmadığını bildirib.
Xatırladaq ki, dekabrın 12-də QAT sədri A. Nağı bir neçə şəxslə “Yeni Müsavat” qəzetinin redaksiyasına hücum çəkərək qəzetin əməkdaşı Z. Hacını təhqir etmiş və ona qarşı fiziki zor tətbiq etmişdilər. Buna səbəb qəzetin 12 dekabr tarixli sayında Z. Hacının müəllifi olduğu “iki karın dialoqu” başlıqlı yazıda QAT sədri haqqında tənqidi fikirlərin səslənməsi olub.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 163.1-ci (jurnalistin peşə fəaliyyətinə mane olma) maddəsi ilə cinayət işi başlanılıb.