Azərbaycanda Media Azadlığı ilə Bağlı Durum Pisləşməyə Doğru Gedir

Bəyanat

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Azərbaycanda mediaya qarşı misli görünməmiş təzyiqləri kəskin şəkildə pisləyir və bunu prezident seçkiləri ərəfəsində siyasi iğtişaşların qarşısını almaq məqsədi daşıyan hədə-qorxu kampaniyasının bir hissəsi hesab edir.

Azərbaycanın insan haqları sahəsindəki fəaliyyətinə BMT tərəfindən dövrü baxış və Ümumdünya Mətbuat Azadlığı Gününə bir neçə gün qalmış Azərbaycanda media azadlığı daha bir ağır zərbə alıb – 3 müxtəlif halda jurnalistlər fiziki və mənəvi təzyiqə məruz qalıb.

Belə ki,  aprelin 19-da hökumətyönlü  “Səs” İnternet TV “Azadlıq Radiosu”nun müxbiri  Yafəz Həsənova böhtan atan və onu gözdən salmaq istəyən Naxçıvan sakinlərinin telefon danışığının səs yazısını yayımlayıb. Ekspertlərin MTN tərəfindən planlaşdırılığını hesab etdikləri bu hadisədən sonra Həsənovu susdurmaq məqsədilə ona qarşı buna bənzər digər hücumlar da təşkil olunmuşdur.

Daha sonra isə aprelin 25-də hökümətyönlü web-sayt tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayılova haqda qondarma pornoqrafiya videosunu öz səhifəsində yerləşdirib. İsmayılovaya qarşı bu şantaj əməli jurnalist tərəfindən prezident və ailəsinin biznes maraqlarını ifşa edən daha bir səs-küylü yazının yazılmasının ardınca baş vermişdir.

Aprelin 26-da “Yeni Müsavat” qəzetinin köşə yazarı Tofiq Yaqubluya qarşı daha ağır ittiham- Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) irəli sürülüb. Jurnalist bu ittihamla günahkar hesab olunsa onu 12 ilə qədər həbs cəzası gözləyir.

Aprelin 27-də isə nəqliyyat nazirliyinin işçiləri “Azadlıq” qəzetinin əməkdaşlarına hücum edib.

Qərbin hüquq pozuntularına son qoyulması tələbiylə təzyiqləri artırdığı bir vaxtda, oktyabr seçkilərinə hazırlaşan Azərbaycan hökuməti hədə-qorxu və şantaj kampaniyasını davam etdirir.

Repressiya dalğası ABŞ Dövlət Departamentinin Azərbaycanda insan hüquqlarının pozulması (jurnalistlərə və demokratiya fəallarına qarşı hədə-qorxu, həbs və fiziki təzyiq halları) barədə ənənəvi illik hesabatının dərc olunmasından sonra daha da güclənib.

“Bu narahatedici hallar Azərbaycan hökumətinin öz vətəndaşlarının və jurnalistlərin hüquqlarına məhəl qoymamasının göstəricisidir”,- deyə RATİ sədri Emin Hüseynov bildirib.

“İnsan haqları bir ölkənin daxili məsələsi ola bilməz. Vəziyyətin daha da pisləşdiyi indiki halda isə beynəlxalq təşkilatlar, xüsusilə də Avropa Şurası, Azərbaycanda insan hüquqlarının vəziyyəti üzrə danışıqlarda durğunluğa son qoymalıdır” ,- deyə Hüseynov fikrini tamamlayıb.

Hakim rejim hökumət rəsmiləri tərəfindən qanun pozuntularını tənqid etməyə cəsarət edən az saylı müstəqil jurnalist və media qurumlarını susdurmaq üçün cinayət ittihamları və mülki iddialar qaldırmaqla, ölkənin siyasiləşmiş və saxta məhkəmə sistemindən istifadə edir.

RATİ onu da qeyd edir ki, ifadə və informasiya azadlıqları Azərbaycanın imzaladığı və qoşulduğu bir çox beynəlxalq müqavilələr və hüquqi sənədlərlə təmin olunur – İnsan Hüquqları haqqında Ümumi Bəyannamə (maddə 19), Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt (maddə 19) və İnsan Hüquqları haqqında Avropa Konvensiyası (maddə 10).

Jurnalist təhlükəsizliyi haqqında öz son qətnaməsində BMT İnsan Haqları Şurası jurnalistlərə qarşı təqib və hədə-qorxu daxil olmaqla bütün hücum və zorakılıq hallarını çox kəskin şəkildə pisləyib.

RATİ prezident seçkilərinin keçirildiyi bir ildə Konstitusiya ilə vətəndaşların hüquqlarının  təminatçısı olan ölkə prezidentini ifadə azadlığına edilən basqıları aradan qaldırmaq üçün konkret addımlar atmağa çağırır.

RATİ həmçinin beynəlxalq təşkilatları, xüsusilə də Avropa Şurası və ATƏT-i Azərbaycana qarşı daha sərt mövqe ortaya qoymağa və Azərbaycan hökumətinə ifadə azadlığı bağlı öhdəliklərini yerinə yetirməsi üçün daha çox təzyiq göstərməyə çağırır.

RATİ  3 may Beynəlxalq Mətbuat Azadlığı Günü öncəsi Azərbaycan hökumətini beynəlxalq qurumlar, ən əsası isə öz vətəndaşları qarşısında götürdüyü öhdəliklərə əməl edərək media sahəsindəki acınacaqlı durumu yaxşılaşdırmaq üçün aşağıdakı addımları atmağa çağırır:

  • Jurnalistlərə qarşı zorakılıq və təzyiqin digər formalarına son qoyulsun– baş vermiş hücumlar tam araşdırılsın və səbəbkarlar məsuliyyətə cəlb olunsun.
  • İfadə azadlığı hüququnu həyata keçirməkləri ilə bağlı olaraq həbs olunmuş bütün jurnalistlər dərhal azad edilsin.
  • İfadə azadlığı hüququnu həyata keçirməkləri ilə bağlı olaraq barələrində cinayət işi açılmış jurnalistlərə qarşı irəli sürülmüş ittihamlar ləğv olunsun.
  • Milli qanunvericilik yenidən nəzərdən keçirilsin və onun mətbuat azadlığının beynəlxalq standartlarına uyğunluğu təmin olunsun.

Previous Post

Müxalifət qəzetin əməkdaşı Nəqliyyat Nazirliyinin işçiləri tərəfindən döyülüb

Next Post

İsmayıllıda fəaliyyət göstərən jurnalist hədələnir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.