BƏYANAT: AZƏRBAYCANDA JURNALİSTLƏRƏ QARŞI POLİS ZORAKILIĞI BİTMƏK BİLMİR

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) yanvarın 26-da Bakı şəhərində müxalifət fəalları tərəfindən keçirilən kütləvi etiraz aksiyası zamanı polis (o cümlədən mülki geyimli) əməkdaşlarının jurnalistlərə qarşı  edilən kobud hərəkətləri və əsasız saxlanmaları  jurnalistlərin peşə fəaliyyətinə maneə kimi qiymətləndirir və buna görə Azərbaycan  hüquq mühafizə  orqanlarını qınayır.Belə ki, polis aksiya keçirilən ərazilərdə həm “press” yazılı fərqləndirici gödəkcədə olan, həm də belə gödəkcə geyinməyən jurnalistləri də hadisə yerindən uzaqlaşdırmağa cəhd göstərib, bir necə media nümayəndəsini isə saxlayaraq polis bölməsinə aparıblar. Saxlanılanların arasında  1news.az saytının müxbiri Zaur Rəsulzadə və video çəkiliş aparan blogger Fuad Hacıyev olmuşdur. Hər iki halda qeyri-qanuni saxlanmalara etiraz edən media mənsubları özlərini polisə təqdim etsələr də, polis qanunsuz hərəkətlərini davam etdirib. Bu jurnalistlərin qanunsuz olaraq  saxlanmasına əmr verənlərdən biri  mülki geyimdə olan Daxili İşlər Nazirliyinin (DİN) zabiti Orxan Axundzadə olmuşdur. O jurnalistləri saxlama əmri verərkən onların fərqləndirici jiletləri geymədiyini əsas gətirmişdi.

RATİ həmçinin aksiya zamanı saxlanmış jurnalistləri və digər aksiya iştirakçılarını daşıyan avtobusda polisin heç bir lüzum olmadan gözyaşardıcı qazdan istifadə etməsi faktını şiddətlə qınayır və bunu qeyri-insani rəftar kimi qiymətləndirir.

Digər mülki geyimli polis “press” yazılı fərqləndirici gödəkcədə olan jurnalistlərdən birinin üzünə tüpürüb, onu təhqir etməklə təxribata çəkmək istəyib. Mülki geyimli hüquq-mühafizə orqanlarının əməkdaşları  dəfələrlə  adam çoxluğundan və qarışıqlıqdan istifadə edərək,  jurnalistləri itələməklə yerə yıxmaq cəhdlərini həyata keçirirdilər.  Belə təxribatlardan birinə misal kimi etiraz aksiyasında çəkiliş aparan Obyektiv TV reportyoru Rəşad Əliyev və Yurd TV-nin operatoru  Emin Şahverdizadəni  qəsdən bir-birinin üstünə itələnmələrini göstərə bilərik. Nəticədə hər ikisi yerə yıxılaraq, müxtəlif bədən xəsarətləri almışlar. Rəşad Əliyevin ayağı burxulub, Emin Şahverdizadə isə qolu möhkəm əzilib və ona məxsus videokamera yerə dəymə nəticəsində yarasız hala düşüb.

RATİ hesab edir ki, hətta üzərində “Press” yazılmış xüsusi fərqləndirici gödəkcədə olmağına və qanuni peşə fəaliyyətini yerinə yetirməsinə baxmayaraq, polislərin jurnalistlərə qarşı qəsdən kobudluq etməsi Azərbaycan hakimiyyətinin ifadə azadlığına dözümsüz yanaşmasını nümayiş etdirir. RATİ həmçinin fərqləndirici jiletləri geymədikləri üçün jurnalistlərin polis tərəfindən saxlaması hallarını polis özbaşınalığı  kimi qiymətləndirir və bu cür halları kobud qanun pozuntusu hesab edir. RATİ bir daha hüquq mühafizə orqanları əməkdaşlarına xatırlatmaq istəyir ki,  hadisəni işıqlandıran  jurnalistlər fərqləndirici jiletləri mütləq qaydada geyinməyə məcbur deyillər və  onlar öz seçimləri ilə digər aksiya iştirakçılarından fərqlənmək məqsədi ilə geyinirlər. Fərqləndirici jiletin geyinilməməsi heç bir hüquq-mühafizə orqanı əməkdaşına jurnalisti saxlama və ya onun qanuni peşə fəaliyyətinə mane törətməyə əsas vermir.

Fərqləndirici jiletlərin geyinib-geyinməməsindən asılı olmayaraq, jurnalistlər son  üç ayda dəfələrlə polis zorakılığı və digər qanunsuz hərəkətləri ilə üzləşiblər. Jurnalistlərin dəfələrlə DİN-ə konkret polis əməkdaşlarından şikayət etsələr də, heç bir halda  bu polislər DİN rəhbərliyi tərəfindən cəzalandırılmayıblar. Məhz bu cəzasızlığın nəticəsi olaraq da, bütün kütləvi etiraz aksiyalarında jurnalistlərə qarşı polisin zorakılığı artaraq davam edir.

 RATİ bəyan edir ki, peşə fəaliyyətini yerinə yetirən media nümayəndələrinin işinə mane olmaq sərbəst informasiya toplamaq və yaymaq hüququnun pozulmasıdır. Bu hal Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci maddəsi (məlumat azadlığı), İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu (İfadə Azadlığı) maddəsi və maddəsi ilə ziddiyyət təşkil edir. Həmçinin jurnalistin peşə fəaliyyətinə mane olma Azərbaycanın Respublikasının Cinayət Məcəlləsinin 163-cü maddəsi (jurnalistin peşə fəaliyyətinə müdaxilə) ilə də cinayət məsuliyyəti yaradır.

RATİ Azərbaycan hakimiyyətini və hüquq-mühafizə orqanlarını jurnalistlərə qarşı zorakılıq hallarına qarşı son qoymağa, jurnalistlərə təzyiq etmiş şəxsləri cəzalandırmağa və gələcəkdə bu cür halların baş verməməsi üçün müvafiq tədbirlər görməyə çağırır.

RATİ həmçinin beynəlxalq təşkilatlardan peşə borcunu yerinə yetirən jurnalistlərə qarşı hücum hallarını  diqqətə saxlamağı və hakimiyyətdən bu cür hadisələri araşdıraraq günahkarları cəzalandırmağı tələb etməyə çağırır.

Previous Post

HÜQUQ MÜDAFİƏÇİLƏRİ MÜBARİZƏNİ DAVAM ETDİRƏCƏK

Next Post

JURNALİST PEŞƏ FƏALİYYƏTİNİ YERİNƏ YETİRƏRKƏN POLİS TƏZYİQİ İLƏ ÜZLƏŞİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.