Həyəcan: Əvəz Zeynallının səhhəti pisləşib

evez zeynalli

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu  (RATİ) “Xural” qəzetinin həbsdə olan  baş redaktoru Əvəz Zeynallının səhhətinin pisləşməsindən narahatlığını ifadə edir. RATİ Zeynallının həbsinin “Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt”ın 19-cu və “Avropa Konvensiya”sının 10-cu maddələrinə zidd olduğunu hesab edərək, jurnalisti dərhal və qeyd-şərtsiz azad etməyə çağırır.

RATİ həmçinin jurnalistin təcili şəkildə lazımi tibbi yardımla təmin olunmasını tələb edir.

Jurnalistin həyat yoldaşı Məlahət Zeynallının sözlərinə görə, Əvəz Zeynallı ürəyində ağrılar olduğu, əsəb gərginliyi keçirdiyi, kəskin baş ağrılarından əziyyət çəkdiyi, nəfəs almalarında problemlər yaşadığı və şəkər xəstəliyinin əlamətlərini müşahidə etməsi səbəbi ilə fevralın 21-də Bakı İstintaq Təcridxanasının (BİT) rəisi Azər Seyidova müraciət edərək,  tibb-sanitar hissəyə köçürülməsini və lazımi tibbi yardımla təmin edilməsini xahiş edib.

Qeyd edək ki, bir müddət əvvəl də  Penitensiar Xidmətin tibb-sanitar şöbəsinin məlumatında göstərilirdi ki, Zeynallının müayinəsi zamanı ona “Xroniki Hepatoxolesistit, hepatomeqaleya; Böyrəkdə duzların kristallaşması; Bel fəqərələrinin ostreanxondrozu, radikulinevralgiya; Xroniki sobatrofik rinit” diaqnozu təyin edilmişdi. Diaqnozun ciddiliyinə baxmayaraq, Ə.Zeynallı  tibb-sanitar hissəsinə yerləşdirilməmişdi.

Xatırladaq ki, Əvəz Zeynallı Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213.1-ci  (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb. Fevralın 13-də dövlət ittihamçısı Əvəz Zeynallıya 11 il həbs cəzası istəyib.

Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamları saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazlılarına görə həbs olunduğunu bəyan edirlər.

Previous Post

“Azadlıq” qəzeti bağlanmaq təhlükəsi ilə üzləşib

Next Post

Obyektiv TV-nin əməkdaşı təzyiqlə üzləşib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.