İnternet azadlığı ilə bağlı iddiaların yalan olduğu ortaya çıxdı

Bəyanat

Rəsmi Bakı internetin gələcəyini müzakirə edən regional foruma iftixarla ev sahibliyi etdiyi bir zaman, hökumət diqqəti ölkənin qorxunc insan hüquqları durumuna yönəltməyə çalışan yerli fəalları təqib etməyə davam edir. “Hökumət Regional İnternet İdarəçilik forumundan həbsdə olan jurnalistləri və fəalları azad etmək, diffamasiyanı dekriminallaşdırmaq və insan hüquqları sahəsində fəaliyyət göstərən QHT-lərin təqibinə son qoymaq üçün bir imkan kimi istifadə etməlidir,” deyə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) bu gün bildirib.

Üç günlük tədbirin rejimə müxalif insanlara qarşı düşmən mühitdə baş tutması tədbirin üzərinə kölgə salıb. Hazırda doqquz jurnalist və üç hüquq müdafiəçisi həbsdədir ki, onlardan da çoxu Azərbaycan hakimiyyətini tənqid etdiyinə görə həbs olunub.

BMT Baş Katibi tərəfindən çağırılan İnternet İdarəçilik Forumunun əsas ideyası hökumətləri, vətəndaş cəmiyyətlərini və digərlərini bərabər tərəfdaşlar kimi bir araya gətirərək onların internetlə bağlı dövlət siyasəti məsələlərini müzakirə etmələrinə şərait yaratmaqdır. Hazırda Azərbaycanda keçirilən regional İİF həmin meyarlara uyğun gəlmir. Konfransın təşkilatçılarına göndərilmiş çoxsaylı müraciətlərə baxmayaraq, RATİ-yə və insan hüquqları sahəsində fəaliyyət göstərən digər qruplara tədbir çərçivəsində seminar və ya tematik stend təşkil etmək imkanı yaradılmayıb.

RİGF-ə dekabrın 3-də start verilib və forum zamanı Azərbaycan rəsmiləri yenə də ölkədə internetin azad olması barədə çıxış ediblər.

Bu iddianın tamamilə əksinə olaraq, 4 dekabr tarixində  “Azadlıq” qəzetinin əməkdaşı, Natiq Ədilov Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb və Facebook-da, kütləvi informasiya vasitələrində göstərdiyi fəallığa görə ona xəbərdarlıq edilib.

“Azərbaycan rəsmiləri fəxrlə bildirirlər ki, ölkədə internet azaddır. Lakin insanların Facebook və ya Tvitter-də paylaşdığı fikirlərə görə həbs olunduğu ölkədə internet azad hesab oluna bilməz” deyə RATİ sədri Emin Hüseynov bildirib.

RATİ Bakıda keçirilmiş 2012-ci il İnternet İdarəçilik Forumundan sonra Azərbaycanda ifadə azadlığının pozulması hallarının sayında artım müşahidə edib. Hökumətin təzyiq kampaniyasının “uğurlu” olmasında internetdə diffamasiyaya görə cinayət məsuliyyətinin tətbiqi, söz azadlığı fəallarının təqibi və həbsi, hüquq müdafiə sahəsində fəaliyyət göstərən QHT-lər və insanlara qarşı qarayaxma kampaniyaları xüsusi rol oynayıb.

Ötən həftə, noyabrın 22-də  facebook fəalı,  hakimiyyəti  Facebook fəalı, hakimiyyəti kəskin tənqidləri ilə  seçilən “Yaltaqlara dur deyək” səhifəsinin admini Əbdül Əbilov  həbs edilib və ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (Satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi ittiham irəli sürülüb.  Bu maddə ilə Əbilov 12 ilə qədər azadlıqdan məhrum edilə bilər.

“Əbdül Əbilovun həbsi və söz azadlığı fəallarının son həbsləri Azərbaycanda hazırda ifadə azadlığının durumunun necə narahat edici olduğunu və internetdə tənqidi səsləri susdurmaq üçün hökumətin nələrə əl ata biləcəyini göstərir,” deyə Hüseynov vurğulayıb.

RATİ xatırladır ki, ifadə və informasiya azadlıqları Azərbaycanın imzaladığı və qoşulduğu bir çox beynəlxalq müqavilələr və hüquqi sənədlərlə təmin olunur – İnsan Hüquqları haqqında Ümumi Bəyannamə (maddə 19), Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt (maddə 19) və İnsan Hüquqları haqqında Avropa Konvensiyası (maddə 10). BMT, Avropa Şurası, ATƏT və Avropa Birliyi nümayəndələri dəfələrlə vurğulayıblar ki, bu hüquqlar həm ənənəvi mediada, həm də onlayn mediada bərabər şəkildə tətbiq və təmin olunmalıdır.

Eyni zamanda, jurnalistin peşə fəaliyyətinə görə təqib edilməsi, hədə-qorxu gəlməklə peşə fəaliyyətini yerinə yetirməkdən çəkindirilməsi  yerli və beynəlxalq qanunvericiliyin pozuntusudur və Cinayət Məcəlləsinin  163-cü maddəsi  (Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma,)  üzrə məsuliyyət yaradır.

RATİ hökuməti Azərbaycanın insan haqları sahəsindəki qoşulduğu beynəlxalq qanunlar və müqavilələr çərçivəsində öz üzərinə götürdüyü öhdəliklərə zidd olan repressiv tədbirlərdən əl çəkməyə, Azərbaycan vətəndaşlarının  ifadə və internet azadlığını qorumağa və onlara hörmət etməyə çağırır.

RATİ həmçinin beynəlxalq təşkilatları, xüsusilə də Avropa Şurası və ATƏT-i Azərbaycana qarşı daha sərt mövqe ortaya qoymağa və Azərbaycan hökumətinə ifadə və internet azadlığı ilə bağlı öhdəliklərini yerinə yetirməsi üçün daha çox təzyiq göstərməyə çağırır.

Previous Post

Lənkəranda taksi sürücülərinin aksiyasında jurnalist saxlanılıb

Next Post

Dəvətnamə İnsan Hüquqları Forumuna

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.