Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının 16 aydır ki həbsdə saxlanmasını kəskin şəkildə qınayır, hökuməti jurnalisti həbsdən azad etməyə və ona bəraət verməyə çağırır. RATİ son məhkəmədə dövlət ittihamçısının Əvəz Zeynallıya 11 il həbs cəzası istəməsini qətiyyətlə pisləyir və bu addımı seçki qabağı repressiyanın müstəqil mediaya qarşı növbəti düşünülmüş hücumu hesab edir.
RATİ Əvəz Zeynallının cinayət işində əsas şikayətçi olan keçmiş deputat Gülər Əhmədovanın qalmaqallı rüşvət videosu ilə bağlı olaraq dünən həbs olunmasına baxmayaraq, jurnalistə qarşı irəli sürülmüş ittihamların hələ də ləğv olunmamasından məyusluq hissi keçirir.
RATİ Zeynallının heç bir əsaslı sübut olmadan, yalnız G.Əhmədovanın ittihamı əsasında 16 ay həbsdə saxlanmasından ciddi narahatlığını bildirir. RATİ hökuməti əsassız yerə həbs olunduğu və ifadə azadlığı pozulduğu üçün jurnalistə təzminat ödəməyə çağırır.
“Hökumət Zeynallını dərhal azad etməlidir, çünki onun məhkəməsi Azərbaycanın mətbuat və söz azadlığını məhdudlaşdıran bir ölkə kimi beynəlxalq imicini daha da aşağı salır” deyə RATİ sədri Emin Hüseynov bildirib.
Əvəz Zeynallıya qarşı rüşvət ittihamı irəli sürdüyü vaxtdan bir il keçməmiş Əhmədovanın özünün 1 milyon dollar rüşvət qarşılığında namizədlərdən birinə parlamentdə yer vəd etdiyi rüşvət qalmaqalında iştirak etməsi məlum oldu. Fakt üzrə açılmış cinayət işinin gedişində Əhmədova barəsində dələduzluq və ağır cinayəti gizlətmə ittihamları ilə 3 aylıq həbs qətimkan tədbiri seçildi.
RATİ xatırladır ki, bu il yanvarın 11-də yerli qəzetlərdən birinə müsahibəsində Gülər Əhmədova jurnalist Əvəz Zeynallının onun ittihamı əsasında həbs olunmasını təkzib etdi. Həmin müsahibədə keçmiş deputat xüsusilə vurğulamışdı ki, jurnalistin işində o, ittiham tərəfi kimi deyil, şahid kimi iştirak edir. Bütün bu faktlar göstərir ki, Zeynallıya qarşı açılmış cinayət işi saxtadır və bu səbəbdən də ləğv olunmalıdır.
RATİ qeyd edir ki, ifadə və informasiya azadlıqları Azərbaycanın imzaladığı və qoşulduğu bir çox beynəlxalq müqavilələr və hüquqi sənədlərlə təmin olunur – İnsan Hüquqları haqqında Ümumi Bəyannamə (maddə 109), Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt (maddə 19) və İnsan Hüquqları haqqında Avropa Konvensiyası (maddə 10).
RATİ hökumətdən jurnalist Əvəz Zeynallını dərhal və qeyd şərtsiz azad etməyi, əsassız həbsi və ifadə azadlığının pozulmasına görə jurnalistə müvafiq təzminat ödəməyi bir daha tələb edir.
RATİ həmçinin beynəlxalq insan hüquqlarını müdafiə təşkilatlarını jurnalistin işi ilə bağlı daha sərt mövqe nümayiş etdirməyə çağırır.