“Azadlıq” qəzeti bağlanmaq təhlükəsi ilə üzləşib

546793_557124540974054_2122427397_n

Ölkənin aparıcı müxalif qəzeti olan “Azadlıq” qəzeti nəşrin bağlanmasına səbəb ola biləcək son məhkəmə cərimələri ilə əlaqədar dəstək üçün ictimaiyyətə müraciət edib. Fevralın 21-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ)  mətbuat mərkəzində keçirilən konfransda baş redaktor səlahiyyətlərini yerinə yetirən Rəhim Hacıyev bildirib ki, hakimiyyəti prinsipial və ardıcıl tənqid etdiyinə görə hökumət yüksək məhkəmə cərimələri ilə qəzeti bağlamağa çalışır.

Redaktor qeyd edib ki, mətbuat üzərində total nəzarətin olduğu bir vaxtda hökumət qəzetin və onun  oxucularının sayı 200 mindən çox olan internet versiyasının getdikcə məşhurlaşmasından narahatdır. O vurğulayıb ki, aprel ayında cərimələrə görə qəzetin hesablarına həbs qoyulması gözlənilir ki, bu da qəzetin bağlanmasına səbəb ola bilər.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevin fikrincə, “Azadlıq” qəzetinə qarşı məhkəmə cərimələri, internetdə hazırlanan məhdudiyyətlər qarşıda duran prezident seçkiləri və cəmiyyətin fəallığının artması ilə bağlıdır.

Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı hədsiz böyük cərimələr haqqında qərarları ədalətsiz və qanunsuz kimi qiymətləndirərək, onları qəzetin məhvi planının bir hissəsi adlandırıb.

RATİ sədri Emin Hüseynov bildirib ki, KİV-ə Dövlət Dəstəyi Şurasından “Azadlıq” qəzetinə 95 min manatadək pul ayırmaqla hakimiyyət beynəlxalq ictimaiyyətə qərəzsiz olduğunu göstərmək məqsədi güdüb.  “Həm də hakimiyyət hesab edib ki, dövlətdən ayrılmış vəsait qəzeti müəyyən qədər loyallaşdıracaq. Lakin “Azadlıq”ın mövqeyindən geri çəkilmədiyini görən hakimiyyət indi cərimələr vasitəsilə verdiyi pulları geri almaqla qəzeti sıradan çıxarmağa çalışır”- deyə Emin Hüseynov qeyd edib.

Çıxışlarda o da qeyd olunub ki, peyk vasitəsilə yayımlanan Media TV-də “Azadlıq” qəzetinin keçmiş redaktoru Qənimət Zahidin rəhbərlik etdiyi “Azərbaycan saatı” verilişinin  dəstəkləməsi də qəzetə qarşı təzyiqlərin artmasına səbəb olur. Əsasən hakimiyyətin tənqidinə yer ayıran veriliş həftədə iki gün və gündə cəmi bir saat yayımlanır, lakin Azərbaycanda kifayət qədər məşhurdur.

Jurnalist və hüquq-müdafiə təşkilatlarının rəhbərlərinin iştirak etdiyi mətbuat konfransında qəzetin müdafiəsinə yönəlmiş müxtəlif təşəbbüslər səslənib. Yaxın günlərdə hakimiyyətin söz azadlığına hücumlarının dəf edilməsi üçün bir sıra addımlar atılması planlaşdırılır.

Xatırladaq ki, Bakı metropolitenin rəisi Tağı Əhmədovun iddiasına əsasən qəzetin 30 min manat cərimələnməsi ilə bağlı qərardan verilmiş şikayət fevralın 14-də Ali Məhkəmədə edilməmişdir. Fevralın 19-da isə “Binə” ticarət mərkəzinin sahibi Kəbirə Məmmədovanın iddiasına əsasən qəzetin təkzib verməsi və “Azadlıq” qəzetinin 30 min manat, yazıların müəllifi Ramin Dekonun isə 2 min manat cərimələnməsi barədə Yasamal Rayon Məhkəməsinin qərarını Bakı Apellyasiya məhkəməsi qüvvədə saxlayıb.

Previous Post

Həyəcan: Naxçıvanda həkimlər jurnalistin həyat yoldaşını əməliyyat etməkdən imtina ediblər

Next Post

Həyəcan: Əvəz Zeynallının səhhəti pisləşib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.