Parlament üzvləri Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı yönələ biləcək qanun layihəsinin qəbulunu təklif edir

Bəyanat

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Azərbaycan Parlamentinin bəzi üzvləri tərəfindən yerli Vətəndaş cəmiyyətinə ağır zərbə vura biləcək qanun layihəsinin hazırlanması barədə son zamanlar mediada dərc olunan xəbərlərdən ciddi narahatlıq hissi keçirir.

Belə ki, iqtidara loyal olan deputat Qüdrət Həsənquliyev tərəfindən hazırlanmış və parlamentə təqdim olunmuş “Azərbaycan Respublikasında işğal olunmuş ərazilər haqqında” Qanun layihəsinin bəzi maddələri yerli və beynəlxalq vətəndaş cəmiyyətininin nümayəndələri üçün  cinayət məsuliyətinin yaranmasına imkan verə bilər.

Qeyd  olunan  maddələr Azərbaycan vətəndaşlarının işğalçı dövlət olan Ermənistanda fəaliyyət göstərən təşkilatlar və ya onların nümayəndələri ilə əməkdaşlığını cinayət əməli hesab edir. Həmçinin də, Ermənistanda birbaşa və ya dolayı fəaliyyət göstərən bütün xarici ölkələrin qurumları (diplomatik korpus istisna olmaqla), onların nümayəndələri və ya xarici vətəndaşlar, bu və ya digər fəaliyyətlərin planlaşdırılmasında və həyata keçirilməsində birbaşa və ya dolayı iştirak edən şəxs və qurumların Azərbaycanda fəaliyyəti qadağan olunacaq. Layihənin iki maddəsində nəzərdə tutulan cinayət məsuliyətinə cəlb olunma sanksiyaları bütün hüquqi və fiziki şəxslərə şamil olunacaq.

Bu cür qanunun qəbulunun planlaşdırılması barədə bu ilin  aprel-may  aylarında millət vəkilləri Qənirə Paşayeva, Zahid Oruc, Mübariz Qurbanlı və Qüdrət Həsənquliyev ayrı-ayrı mətbuat orqanlarına verdikləri müsahibələrində bildirmişdilər. Lakin bu qanunda yerli və beynəlxalq  vətəndaş cəmiyyətinin fəaliyyətinə ciddi təhlükə yarada biləcək maddələrin mövcudluğu barədə yalnız ötən həftənin sonu bilindi. Dünən Milli Məclisin mətbuat xidməti belə bir qanun layihəsinin mövcudluğunu təkzib etsə də, bundan bir neçə saat sonra mətbuata müsahibə verən deputat Qüdrət Həsənquliyev layihənin şəxsən özü tərəfindən hazırladığını bir daha vurğulayaraq, onu artıq Milli Məclisə təqdim etdiyini söylədi.

RATİ bu qanun lahiyəsinin bəzi maddələrinin  yerli və beynəlxalq vətəndaş cəmiyyətinin nümayəndələrinə qarşı istifadə edilə biləcək olması ilə yanaşı, ümumilikdə Azərbaycanda ifadə azadlığının və digər fundamental insan haqlarının durumunun ciddi pisləşməsindən, Dağlıq Qarabağ probleminin həllində vətəndaş cəmiyyətinin sülhməramlı təşəbbüslərinin mümkünsüzlüyündən və regiondakı stabiliyə təhlükə yarana biləcəyindən narahatdır.

RATİ xatırladır ki, qeyd olunan qanunun mürtəce maddələri  vətəndaş cəmiyyətinə qarşı yönələn prezident seçkisi qabağı dövrdə hakimiyyətin qanunvericiliyə etdiyi silsilə repressiv dəyişikliklərdən ən ağır zərbə vura biləcək addım kimi qiymətləndirilə bilər.

Milli Məclisin bundan əvvəlki narahatlıq doğuran qanunvericilik dəyişikliklərinə QHT-lərin fəaliyyətini məhdudlaşdıran, icazəsiz aksiya iştirakçıları və təşkilatçıları üçün cərimələrin artırılmasını nəzərdə tutan, inzibati həbs müddətinin 15gündən 2 aya qədər artıran və internetdə diffamasiyaya görə cinayət məsuliyyətini  nəzərdə tutan dəyişikliklər daxildir.

RATİ Azərbaycan parlamentini “Azərbaycan Respublikasında işğal olunmuş ərazilər haqqında” Qanuna yerli və beynəlxalq vətəndaş cəmiyyətinin institutlarına qarşı yönələ biləcək hər hansı  inzibati və ya cinayət məsuliyyəti yarada biləcək maddələri salmamağa  çağırır.

RATİ eyni zamanda  Azərbaycan və beynəlxalq  vətəndaş cəmiyyəti institutlarını bəzi deputatların bu cür potensial təhlükəli qanunverici təşəbbüslərini dərhal qınamağa və onları bu yoldan çəkindirməyə yönələcək çağırışlar etməyə çağırır

Previous Post

Gürcüstanlı jurnalist Azərbaycana buraxılmayıb

Next Post

Jurnalist Hilal Məmmədov məhkəmə tərkibinə etiraz edib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.